Dağıstanda yaşayan azərbaycanlı əhalinin sayı çoxalır
Dərbənd rayon icra başçısı Qurban Qurbanov bu şəhərdə azərbaycanlıların mer tərəfindən sıxışdırıldığını deyir
“Dağıstanın Dərbənd rayonundakı azərbaycanlıların sayında azalma yoxdu. Əksinə ölkədə 2010-cu ilin oktyabr ayında keçirilən son siyahıya alınmanın nəticələrinə görə indi Dərbənd rayonunda artım müşahidə olunur”. Bu məlumatı Dərbənd rayon icra başçısı Qurban Qurbanov ANS TV-nin bölgə müxbirinə verib.
İcra başçısı Qurbanov son siyahıya alınmanın nəticələrinə görə azərbaycanlıların sayını belə açıqlayır: “2002-ci ildə keçirilən siyahıya alma vaxtı şəhərdə 35 000, rayonda ümumi 50 000 azərbaycanlı vardı. 2010-cu ildə keçirilən siyahıya almada isə bu rəqəm şəhər üzrə 42 000, ümumi rayon üzrə 60 000-ə çatıb”.
Dağıstanda yaşayan digər millətlər kimi azərbaycanlıların da problemləri olduğunu deyən cənab Qurbanov şəhərə təzə gələn mer İmam Yarəliyevin burdakı azərbaycanlıları qəsdən işdən çıxardığını deyir: “Təzə gələn mer Yarəliyev azərbaycanlı kadrları işdən çıxardıb, o biri millətləri qoyur. 10-12 adam çıxarılıb”.
Məsələnin Dağıstan prezidentinə çatdırıldığını deyən Qurban Qurbanov hesab edir ki, yalnız onun müdaxiləsindən sonra Dərbənddə azərbaycanlıların sıxışdırılmasına son qoyula bilər. “Dərbənd şəhər meri də artıq məsələni yoluna qoyacağına söz verib. Qədim Azərbaycan şəhəri olan Dərbəndə şəhər meryası seçkili orqan kimi ayrıca fəaliyyət göstərir. Azərbaycanlılar Dərbənd rayonunda təxminən 15 yaşayış məntəqəsində yaşıyırlar. Dağıstan parlamentinə keçirlən son seçkidə də 4 azərbaycanlı deputat seçilib”.
ANSPRESS