Zəlimxan Yaqub kimdir?

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcustan Respublikası Bolnisi rayonunun Kəpənəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi,

2011-06-30 08:47:26


Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcustan Respublikası Bolnisi rayonunun Kəpənəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin əmtəəşünaslıq şöbəsini bitirmişdir. Ədəbi fəaliyyətə 15 yaşında başlamışdır.
1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Respublika Prezidenti yanında əfv və bağışlama komissiyasının üzvüdür. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Onun yazdığı poemalar əsasında “Aşıq Ələsgər”, “Didərginlər”, “Yunus İmrə”, “Böyük ömrün dastanı”, “Qalx ayağa Azərbaycan” adlı televiziya film və verlişləri hazırlanmışdır.
Zəlimxan Yaqub bu illər ərzində “Saz”, “Göyçə dərdi”, “Cavidan qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıdan qalan izlər”, “Yunis İmrə dastanı”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”, “Böyük ömrün dastanı”, ”O qızın göz yaşları” və başqa iri həcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şerləri ilə oxucuları sevindirmişdir.
Son illərdə nəşr edilmiş “Bir əli torpaqda, bir əli haqda”, “Bu yaşıl ağacın altı bizimdir”, “Mən sənin qəlbinə necə yol tapım” adlı şer və poemalar kitabı şairin ömür yolunda, yaradıcılıq taleyində ən böyük uğurlardan sayılır.
Qarabağ müharibəsi mövzusunda yazdığı “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemalarına və “Ziyarətin qəbul olsun” kitabına görə 1995-ci ildə N. Z. Tağıyev adına milli mükafata, 1996-cı ildə yazdığı şerlərə görə Məmməd Araz mükafatına layiq görülüb. 2005-ci ildə Türk Ruhunun inkişafındakı xidmətlərinə görə “Vektor” Beynalxalq Elmi mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatına layiq görülmüşdür.
Şair anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstan Respublikasının “Şərəf” ordenlərinə laliq görülmüşdur.
Ədəbiyyatımızın, elmimizin görkəmli nümayəndələrinin Zəlimxan Yaqub haqqında yazdıqları məqalə və şerləri, səmimi ürək sözləri onun yaradıcılıq üfüqlərinin genişlənməsinə güclü təkan vermişdir.
Nizami Cəfərovun dediklərindən – “Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük idealları təqdiq etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyac duyulan hormoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti göstərməkdən ibarətdir”.
Həsən Həsənov: “Zəlimxanın danışığı o qədər canlıdır ki, onu dinləyərkən sanki həyatın keçmişini də, sabahını da elə indi yaşayırsan”.
Mirvari Dilbazi: “Zəlimxanın misraları gözəlliyi, saflığı, sədaqəti, vətən məhəbbətini, insan ürəyinin çırpıntılarını tərənnüm edir”.
Bəxtiyar Vahabzadə: “Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda tapır. Əks-sədaya çevrilmək üçün isə xaqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir”.
Hüseyn Arif: “Zəlimxan Yaqubu mənə doğmalaşdıran, sevdirən cəhət məhz budur ki, O, əsas enerjisini bəziləri kimi özünə təbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhuyla milli zəminlə bağlamağa sərf edir”.
Xəlil Rza Ulutürk: “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. İnciməsin Mikayıl, aktyora da ehtiyacı yoxdur. Çünki o həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də küll halında, ensiklopedik lüğətdir. Natiqdir, böyük ictimai xadimdir” .
Musa Yaqub: “Zəlimxan sinəsi dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə də, Zəlimxan şerində birincidir”.
Abbas Abdulla Hacaloğlu: “Zəlimxan Yaqub hər an xalqın içində olan, xalqı özündə, özünü xalqda gəzən bir şairdir, Xalq şairidir”.
Rüstəm Behrudi: “Bir adam var-sözü sazın pərdələrindən söküb mirvari kimi sapa düzən bir adam. O adam da özündən xəbərsiz içində işıq gəzdirir. O, Zəlimxan Yaqubdur”.
Mövlud Süleymanlı: “Sadəcə, bir şeyi deyim: onun yaradacılığı mənim türkcəmin çox dogma sözlərindən, duyğularından götürülüb ki, bu duyğuların, sözlərin minlərcə yaşı var. Minilliklərin də ruhunu ifadə eləyir”.
Səlahəddin Xəlilov ”Hərdən mənə elə gəlir ki, Zəlimxan Yaqubun yazdıqları onun özününkü deyil, xalq yaradıcılığıdır, Zəlimxan isə, ancaq ifaçıdır. Görünür, o, bizimlə milli-mənəvi dəyərlərimiz arasında, bu günlə keçmişimiz arasında, sadəcə vasitəçi olur”.
Əmirxan Xəlilov ”Zəlimxan Yagub azərbaycan şerinin müasir dövrdəki ən parlaq simalarındandır”.
Müşqüd Məmmədli: ”Zəlimxan Yaqubun poeziyası vicdan və yaddaş poeziyasıdır”.
Azər Turani ”Zəlimxanın poetik ruhu Allah vergisidir və bəzən özü də fərqinə varmadan o metafizik həyacanlarını kağıza köçürür, zamandan-zamana, fərddən-fərdə çatası və oxunası bəyaz məktublar yazır”.
Rüstəm Kamal : ”O, türk dilinin şairidir. O, Azərbaycan mənəviyyatının, Azərbaycan kişiliyinin şairidir”.
Xanım Məmmədova: ”O, bu dünyaya sevmək və sevilmək üçün gəlib”.
Fərhad Xubanlı: ”Zəlimxan Yaqub çağdaş poeziyamızın böyük oxucu sevgisi qazanmış dəyərli nümayənlərindən biridir”.
Əlirza Zaloğlu:” Zəlimxan Yagub nə qədər ritorik, emosional danışsa belə, səmimidir”.
Mahir Qarayev:” Zəlimxan Yaqub-şairdir, vətəndaşda, ictimai vəzifə sahibidir, millət vəkilidir”.
Sonda şairin kitablarinin adları ardıcıl şəkildə təqdim olunur:
1. “Könlümün səsi”, “Gənclik” nəşriyyatı, 1980, 63 səh. 4000 nüs.
2. “Yolum eldən başlanıb”, “Yazıçı” nəşriyyatı, 1981, 69 səh. 7000 nüs.
3. “Od aldığım ocaqlar” , “Yazıçı” nəşriyyatı, 1989, 190 səh. 7000 nüs.
4. “Biz bir eşqin butasıyıq”, “Yazıçı” nəşriyyatı, 1989, 190 səh.
15000 nüs.
5. “Ziyarətin qəbul olsun”, “Gənclik” nəşriyyatı, 1991, 231 səh.
15000 nüs.
6. “Şairin harayı”, “Gənclik” nəşriyyatı, 1995, 220 səh.
30000 nüs.
7. “Bir əli torpaqda, bir əli haqda”, “Azərbaycan” nəşriyyatı, 1997, 487, 5000 nüs.
8. “Bu yaşıl ağacın altı bizimdir”, “Azərbaycan” nəşriyyatı, 2000,
422 səh., 3000 nüs.
9. “Söz camı” (gürcü dilində), “Azərbaycan” nəşriyyatı, 1998,
150 səh., 2000 nüs.
10. “Şair taleyi” (fransız dilində), “Azərbaycan” nəşriyyatı, 1991, 90 səh., 1000 nüs.
11. “Mən sənin qəlbinə necə yol tapım”, “Azərbaycan” nəşriyyatı, 2004, 567 səh., 2000 nüs.
12. “Qayıdaq əvvəlki xatirələrə”, “Gənclik” nəşriyyatı, 2004, 181 səh.
1000 nüs.

kimkimdir.az