Türkiyə Misirə səfir təyin edə bilər
Türkiyənin İslam Əməkdaşlığı Təşkilatındakı keçmiş təmsilçisi Salih Mutlu Şen səfir təyin oluna bilər.
“Türkiyə 9 illik fasilədən sonra münasibətləri normallaşdırmaq üçün Misirə səfir təyin edə bilər”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib.
“Misirlə münasibətləri düzəltmək vacibdir. Hər iki ölkə bir çox regionlar üçün zəruridir. Türkiyə və Misirlə münasibətlərin normallaşması Şərqi Aralıq dənizi bölgəsində də vacibdir. Qarşılıqlı səfirlərin təyini də mümkündür”, - o bildirib.
Yerli KİV-in məlumatına əsasən, Türkiyənin İslam Əməkdaşlığı Təşkilatındakı keçmiş təmsilçisi Salih Mutlu Şen səfir təyin oluna bilər.
Qeyd edək ki, 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursi devrildikdən sonra hakimiyyətə gələn general Əbdül Fəttah əs-Sisini rəsmi Ankara qanuni dövlət başçısı olaraq tanımaqdan imtina edib. Onda tərəflər səfirlərini məsləhətləşmək üçün geri çağırıblar. Bunun ardınca Misir Türkiyənin Qahirədəki səfirini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib. Ankara da uyğun cavab verib.